İtkin düşmüş, əsir girov götürülmüş insanlara görə Azərbaycan ən çox zərər çəkmiş dövlətlərdəndir və bu gün beynəlxalq təşkilatlar tərəfindən ədalətli münasibətin sərgilənməsini gözləyir. Təəssüf ki, bu məsələyə BMT tərəfindən xüsusi diqqətin ayrılması belə özlüyündə gecikib.
Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər də xəbər yoxdur.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülmüş və ya işğal edilmiş ərazilərdə qalıb. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb.
I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 54 nəfəri Ermənistan tərəfində saxlanıldıqları vaxt sağ ikən onlarla müxtəlif vaxtlarda BQXK-nın nümayəndələri görüş keçirib. Sonradan onlardan 17-nin meyiti təhvil verilib, 33-nün ölümü barədə məlumat verilsə də, onların meyitləri qaytarılmayıb, 4-ü barədə isə ümumiyyətlə heç bir məlumat almaq mümkün olmayıb.
I Qarabağ müharibəsi dövründə 1 480 nəfər azərbaycanlı erməni əsir-girovluğundan azad edilib.
Azərbaycanın I Qarabağ müharibəsi dövründə məruz qaldığı itkinlər, əsir və girovlarla bağlı haqlarımızın beynəlxalq müstəvidə tanınması və qorunmasında atılan addımlar perspektivlərlə bağlı nələri söyləmək olar?
Tarixçi alim, Qafqazşünaslıq İnstitutunun, Ermənişünaslıq kafedasının müdiri Qasım Hacıyev hafta.az-a açıqlamasında bildirib ki, 100 ildən artıqdır, süni köçürülmə yolu ilə gəlib Qafqazda yerləşən və bu gün qonşu sayılan ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlər o qədər böyükdür ki, saymaqla bitmir.
Onun sözlərinə görə, Qafqazda azərbaycanlılara, türklərə qarşı terror, soyqırımlar, deportasiya aktları törədən ermənilər haqqında dəfələrlə deyilib, yazılıb və bundan sonra da deyilməlidir: “Dünyanın sonu deyil, qonşu da olmalıdır, dost da olmalıdır, münasibətlər də gözlənilməlidir, insanlar sülh şəraitində yaşamalıdırlar. Daimi müharibə ola bilməz. Müharibələr sülhün pozulduğu anlarda, ədalətin öz yerini tutmadığı halda baş verir və uzun çəkir. Ermənilərlə bizim xalq arasında baş verən münaqişələr, müharibələr də çox acınacaqlı sonluqlarla başa çatıb.
Minlərlə günahsız insan öldürülüb, yüzlərlə şəhər və kəndlər dağıdılıb, abidələr məhv edilib.
Q.Hacıyev I Qarabağ müharibəsində 1000-lə ölən, yaralanan, əsir və girov götürülənlərin olduğunu önə çəkməklə, çox az adamların girovluqdan, əsirlikdən qayıtdığını qeyd edib.
“Ermənistan heç bir hüquq prinsipinə, heç bir beynəlxalq normalara hörmət qoymadı. Eyni zamanda əsir düşmüş və girov götürülmüş insanlarımızın da geri qaytarılmasına əməl etmədi. Yüzlərlə, minlərlə insan bundan ziyan çəkdi. Azərbaycan Ermənistanın işğalçılıq siyasəti, təcavüzü nəticəsində meydana gələn müharibədə ona cavab vermək, özünü müdafiə eləmək, Ermənistanı başa salmaq məqsədi ilə döyüşllər keçirib, müharibələr aparıb. Götürülən əsirləri isə vaxtında və ləyaqətlə saxlayaraq geri qaytarıb. Hadisələrin gedişi və əsirlikdən qayıdanlar danışırlar ki, ermənilər nə əsirlərin saxlanılmasında, nə qaytarılmasında heç vaxt ləyaqətli, ədalətli mövqe tutmayıb, hər bir addımda öz vəhşiliyini, vandallığını göstərib”.
Q.Hacıyev bu mənada beynəlxalq təşkilatlardan istəyimizin, gözləntilərimizin çox olduğunu deyib: “Çox güman ki, hələ də Ermənistanda Azərbaycanın əsir götürülmüş insanları var. Ermənilər həmişə bu tələblərin yerinə yetiriməsindən imtina etdikləri üçün beynəlxalq təşkilatlardan bu hadisələrin beynəlxalq müstəvidə düzügün tanınması, düzgün qərar çıxarılmasını tələb edirik. Hər bir hərəkətdə, hər bir addımda erməniləri daha üstün tutaraq onların hər bir nəfərinin, hər bir abidəsinin, hər bir ziyanının dərdini çəkən ona hörmətlə yanaşan Avropadan da dünyadan da tələb edirik ki, artıq kifayətdir, nəhayət, düzgün mövqe tutsunlar, beynəlxalq hüquqa uyğun mövqedən çıxış etsinlər. Ədalət prinsipini gözləsinlər, Azərbaycan əsrilərinə, girovlara qoyulan hörmət də beynəlxalq səviyyədə tanınsın”.
Hərbi ekspert Elxan Şıxəliyev hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycanın aidiyyəti dövlət orqanları itkin düşən insanlarımızın axtarışı yönündə fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, I Qarabağ müharibəsi dövründə müharibədə iştirak etmiş və işğal faktından dolayı ermənilərin əlinə keçən ərazilərimizdə həm əsir götürülmüş, həm də şəhid olaraq o ərazilərdə qalan kifayət qədər vətəndaşlarımız var:
“Ərazilər işğaldan azad olunub. Ermənilərin kütləvi şəkildə soyqırım törədib basdırdıqları məzarlıqların yerləşdiyi ərazilər bizim nəzarətimizdədir.Baş vermiş hadisələrin şahidləri o yerləri göstərdikcə o zaman qətlə yetirilən vətəndaşlarımızın nəşlərinin tapılmasına nail olacağıq”.
E.Şıxəliyev statistik göstəricilərə əsasən bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra yaranmış yeni situasiyada I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O, 2021-ci ilin fevral-2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonu Daşaltı kəndi, Xocavənd rayonu Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin, işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürüldüyünü də xatırladıb. Eyni zamanda bildirib ki, I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib.
Hərbi ekspert hesab edir ki, bu proses dövlət komissiyasında itkin kimi adları keçən vətəndaşlarımızın siyahılarda adlarının azalmasına gətirib çıxaracaq:
“Düşünürəm ki, Dövlət Komissiyası Ermənistanın müvafiq qurumları ilə koordinasiyalı şəkildə şahidlərin, əraziləri bilən adamların cəlb edilməsi ilə I Qarabağ müharibəsində qətlə yetirilmiş azərbaycanlıların məzarlarınn aşkar olunmasına nail olacağıq. Əslində itkisi, şəhidi, əsiri olan ailələr onların taleyi barədə məlumatlı olduqca, bu da onlara bir təsəlli tapırlar. Bu olmadıqca vətəndaşlar öz yaxınlarının sağ olması barədə düşünə bilirlər və “nə vaxta qayıdacaq” düşüncəsində olurlar”.
Hərbi ekspert hesab edir ki, sülh sazişi çərçivəsində dövlət orqanları öz aralarında itikin düşən vətəndaşlarımızın yerlərinin tapılması, onların nəşinin yerlərinin bilinməsi yönündə ciddi addımlar atacaqlar.
Hərbi ekspert I Qarabağ savaşında, ümumən müharibə zamanı itkin düşən hərbçiərin müəyyən olunması prosesində beynəlxalq təşkilat kimi Qırmızı Xaç Cəmiyyətinin icraçı olaraq fəaliyyətini önə çəkib. Onun sözlərinə görə, atəşkəs dövründə müharibə gedən ərazidə əsir, girov, yaxud həlak olanlar qarşılıqlı geri götürmə prosesi ilə həll olunurdu: “Əlbəttə ki, hərbçinin nəşinin geri alınması dövlətin siyasi iradəsinin istəyi üzərinə həyata keçirilir. Əslində, atəşkəs dövründən əvvəl yeri bilinən nəş geri alınırdı. Onu gerigötürmə ATƏT-in Minsk Qrupunun səhra köməkçilərinin razılaşdırılması, eləcə də Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Əsir və Girovlarla bağlı dövlət qurumunun qarşılıqlı koordinasiyası şəklində dövr edə bilirdi. Bilinən nəşin gizlədilməsinin heç bir əhəmiyyəti olmurdu. Atəşkəsəqədərki dönəmdə isə erməni tərəfdə qalan, Xocalı soyqırımı, Ağdaban bölgələrində baş verən soyqırımlarda basdırılan insanlarımızın çoxlarının yerləri bilinmirdi. Onların şahidləri ermənilərdir və ermənilər də göstərməlidirlər ki, Azərbaycan vətəndaşlarını harda qətlə yetirib basdırıblar”.
Politoloq Turan Rzayev hafta.az-a açıqlamasında bildirib ki, hazırda əsasən terror, siyasi müharibələr və ya diktatura rejimlərində insanların zorla qaçırılması halları ilə üzləşən şəxslər itkinlik statusu daşıyır.
Politoloq təəssüflə qeyd edib ki, ölkəmizdə də itkin düşənlərin sayı kifayət qədərdir. Xüsusilə 1988-ci il qərbi azərbaycanlıların Ermənistandan deportasiyası zamanı və I Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər xəbər yoxdur.
“Bu kontekstdə Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. 1993-cü ildə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb.
Rəsmi Bakı 44 günülk Vətən müharibəsi nəticəsində Qarabağda 27 illik erməni işğalına son verdi. İşğaldan azad edilən ərazilərdə bərpa prosesi ilə paralel olaraq, həm də itkin düşmüş vətəndaşlarımızın axtarış işləri aparılır. Bu şəxslər haqqında məlumatlar erməni tərəfindən dəfələrlə istənilib.
Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə real mane şübhəsiz ki, Ermənistan tərəfidir. Belə ki, rəsmi İrəvan itkin düşmüş azərbaycanlılar haqda məlumatları təqdim etmədiyi kimi, onların nəşinin harada olduğunu da demir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olması da rəsmi Bakının axtarış işlərini gec aparmasına səbəb olur”.
T.Rzayev bildirir ki, rəsmi İrəvan hər nə qədər itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı onlarda məlumatların olmadığını desə də, aydındır ki, məlumatlar məqsədli şəklildə gizlədilir: “Məsələ ondadır ki, ermənilər Birinci Qarabağ müharibəsi zamanı əsir götürdükləri azərbaycanlıları məcburi şəkildə işlədib, cinsi istismara məruz qoyub, insan alverinə cəlb edib, orqanlarını qeyri-qanuni satıb, onlar vəfat etdiyi zaman isə dilə gətirilməyəcək şəkildə dəfn edib. Bütün bunların hamısı isə insan haqları və beynəlxalq hüquqa ziddir. Ermənistan tərəfi bu gün bu faktların ortaya çıxmasını istəmir və buna görə də həmin şəxslərlə bağlı məlumatları gizlədir. Bütün hallarda həqiqət gec-tez üzə çıxır və biz bu gün də bunun şahidi oluruq. Belə ki, 44 günülük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan qazıntı işləri nəticəsində Xocalının Fərrux, Xocavəndin Edilli, Kəlbəcərin Başlıbel kəndində kütləvi məzarlıqlar aşkarlanıb. Kütləvi məzarlıqlar erməni vəhşiliyinin əyani sübutudur”.